06Oct

Sizin təhlükəsizliyiniz hər şeydən önəmlidir.

Uşaqlar, sizinlə sağlamlığımız haqqında danışmaq istəyirəm. Hər birimiz velosiped sürməyin nə qədər xeyirli olduğunu bilirik. Bu ikitəkərli nəqliyyat vasitəsində gəzinti fikri belə əhval ruhiyyəni qaldırır, yarım saatlıq veloyürüşün insanı bütün gün ərzində enerji ilə təmin etməsi alimlər tərəfindən dəfələrlə sübut olunub ;) Lakin bu möcüzəvi nəqliyyatda gəzintidən zövq alarkən baş nahiyəsinin təhlükəsizliyini unutmaq olmaz. Doğrudur, söhbət dəbilqədən gedir. Hər gün sosial şəbəkələrdə velosipedlərin iştirakı ilə baş vermiş qəzaların onlarla foto və videoları bizə təqdim edilir. Bu qəzalarda qoruyucu dəbilqənin müsbət təsiri görünür. Qoruyucu dəbilqə az həyat xilas etməyib. İstəyirəm ki, həm Azərbaycanda və həm də Azərbaycandan kənarda veloşlemin xeyrini hər kəs anlasın və bədbəxt hadisələrin statistikasına nəzər salsın... Bulvarda və ya magistral yolda sürməyiniz fərq etmir. Harada yıxılacağınız qabaqcadan məlum deyil, iş bir dəfə olur. Özüm az yıxılmamışam, yaxşı bilirəm necə olur. Xoşbəxtlikdən həmişə şlemim olub və başımı (ən azından) əzilməkdən qoruyub. Bu qoruyucu papaqda necə görünəcəyiniz vacib deyil, inanın ki, bədbəxt hadisə baş verərsə şlemsiz daha yaxşı görünən deyilsiniz... Həmçinin orqanizmimizə siqaret çəkmək və içki içməyin zərərli təsirindən danışmaq istərdim. İntensiv və məhsuldar veloyürüşdən sonra arxa ciblərindən siqaret çıxararaq çəkməyə başlayanlara baxdıqda təəccüb edirəm... Hələ məktəbdən bilirik ki, "bir damcı nikotin atı öldürə bilər". Orqanizmi belə qeyri-sağlam sınaqlara çəkmək nəyə lazım? Axı velosiped və siqaret bir-birinə tam əksdir, bu hansı məntiqə sığır, dostlar? Alkoqollu içkilərlə də belədir... Kifayət qədər velosiped sürdükdən sonra bəzi insanlar yaxındakı mağaza və ya kafedən soyuq pivə alib içməyi özünə borc bilir və yoluna davam edir. Onlar sərxoş velosiped sürücüsünün həm özünə, həm də digər yol hərəkəti iştirakçılarına təhlükə olduğunu unudur! Bəlkə kimsə bundan sonra necə həyat sürəcəyi haqqında düşünər və özü üçün nəticə çıxarar. Əminəm ki, bir çoxlarınız çoxdan seçim etmisiniz, lakin pis vərdişlərdən əl çəkmək heç vaxt gec deyil. Həyatınızı yaxşıya doğru dəyişin, o sizə bir dəfə verilir! Özünüzü və yaxınlarınızı qoruyun!

"

 

İcmalın müəllifi Emin Hanifayev