22Oct

VELO TOUR | Zaqatala - Laqotexi - Telavi

Pedal fırlatmağı sevirsiniz? Ecazkar mənzərə seyr etməyi xoşlayırsınız? Əziz dostlar, mən yaxşı bir bələdçiyə çevrilirəm və verilən marşrutla getməyi inadla tövsiyyə edirəm :)

17 oktyabr. Gözəl veloman kompaniyası uzaq yola çıxdı. Bu dəfə dörd nəfər idik –əsl velo həvəskarlar komandası! Velosipedləri Vüqarın avtomobilinə yüklədik və tərpəndik. Bakıda hava tutqun idi, şəhərdən uzaqlaşdıqca yağış və duman bizi müşaiyət edirdi. Ümidimizi itirmirdik, belə ki, seçilən marşrut üzrə 18-21 oktyabr tarixlərinə hava proqnozundan xəbərdar idik. Yol boyu bizi gözləyən yürüşdən zövq alacağımızı hiss edərək zarafatlaşdıq, güldük :)

Zaqatalaya yaxınlaşanda, cəmi 35(!) km qalmışdı ki,... avtomobilin təkəri buraxdı! Hava qaralır...ehtiyyat təkər yox... tapmaq da çətin olacaq... Çox düşünmədən evakuator çağırırıq, kimin başına gəlmir ki? :) Axı velosiped sürmək istəyirik...
Eminə deyirəm: “bəlkə gedək?” 
-“Əlbəttə :)”

"

O, həvəslə razılaşır və velosipedlərə oturub Zaqatalaya gedirik. Təkərin buraxmasına və tutqun havaya baxmayaraq əhval-ruhiyyəmiz əladır! Uzaqdan ecazkar mənəzərəni görürük –buludlar arasından batan günəşin şüaları düşür. Çox gözəl idi!

"

Beləliklə, Zaqatalada vulkanizasiyada görüşürük... Vüqarın dostlarının köməyilə təkər tapıldı, URA! Artıq gecədir: sərindir və acmışıq... Bizi “Qaqaş” adlı rahat bir kafeyə dəvət etdilər. Ləzzətlə yerli xingəlin dadına baxanda özümüzü əsl Qaqaş hiss etdik :)

İsindik, razı qaldıq... İndi isə gecəni necə keçirəcəyimizi fikirləşməliyik, axı sabah yola çıxmalıyıq!

“Ləzzət” istirahət kompleksinə gəldik, velosipedlərimizi kabinetdə qoyduq, mürəbbəli çay içdik, yatmağa hazırlaşdıq. Şərait elə də yaxşı deyildi –kompleks dağda yerləşdiyi üçün nömrələr olduqca nəmişlik idi. Biz yolçular isə bərk yuxuya getdik :)

Səhər açıldı... Soyuq dağ havası öz təravətilə gümrahlıq və enerji verir! Səhər yeməyi bizi gözləyir... Dağda səhər yeməyindən yaxşı nə ola bilər? Təbii bal, süd məhsulları, yumurta və s.   

Bura ecazkar istirahət məkanıdır! Gecə bunu hiss etmək mümkün olmamışdı, çünki qaranlıq idi. Bu kompleks kanyonda yerləşir. Özünü təbiətin bir hissəsi kimi hiss etmək təsvirolunmaz hissdir! Ciyərlərə otların, çayın, yarpaqların, tüstünün qarışıq ətri dolur. Bu ləzzətlidir! Çıxmaq vaxtıdır, lakin başqa otelə köçmək qərarına gəlmişik, çünki burada velosipedlə çıxmaqda çətinlik çəkdik. Beləliklə, mərkəzi otel “Zaqatala” ya getdik, tez yığışdıq, lazım olan hər şeyi götürdük və çıxdıq.

Nəhayət start!!!

Nəhayət ki, velosipedə oturduq və tərpəndik, ele bilirdim ki, bu an heç gəlib çatmayacaq :)
Balakənə, Gürcüstanla sərhədə gedirik. Yol bizi heç sevindirmir! Dəhşətlidir. Xeyr, torpaq yol deyil –getmək mümkündür. Sadəcə dağılmış asfalt örtüyü titrətmə yaradır. Belə yol, xoşbəxtlikdən, bizi Balakən yoxuşuna qədər müşayiət elədi.

"/

Nəhayət sərhəd...

Gürcüstan ərazisinə keçirik. Dərhal qeyd etmək istəyirəm ki, sərhədi keçib, yola Gürcüstanda davam etdik və yol əla idi. Bu bizi çox sevindirdi! Laqodexi ərazisində doyülmüş qəhvə ətri gəldi... Bu ətir məni dayandırdı! Qəhvə içməliydim, sevirəm qəhvəni! :) Dayandıq...

Üstəlik acmışdıq :) Sağ tərəfdə yaxşı bir kafeyə girdik! Hər halda dördümüz arasında dadlı yeməkdən başı çıxan var idi :) 20 xingəl və 2 xaçapuri sifariş verdik, inanılmaz dadlı idi! Qəhvə isə... Onun dadını qiymətləndirə bildim! Bu məkanı idarə edən ciddi görüntülü, amma mərhəmətli qadın hər kəslə uşaq kimi davranırdı :) Müşahidə etmək maraqlı idi, lakin irəli getmək lazım idi... Bizi hələ 80 km yol gözləyirdi.

"/

Keçirdiyimiz hissləri təsvir etmək çətindir... Bu inanılmaz idi! Sonsuz yol, asfalt iyi, hündür dağlar, inanılmaz gözəl, yaşlı ağaclar, -özümüzü sərbəst uçuşda hiss edirdik... Bizi yalnız periodik olaraq arxamızca qaçan vəhşi itlər və tez-tez rastımıza çıxan, yolda vurulmuş tülkü cəsədləri yerə endirirdi. Özümüzü səyahətçi hiss edirdik! Artıq doğma şəhərimizdə deyilik, uzağa gedirik... Mənə elə gəlir ki, belə hissi bütün velo səyahətçilər keçirir, bizim səyahətçilər Ramil və Turalı qeyd etmək istəyirəm. Təbiətlə, dünya ilə yaxınlıq insanı çağırır və uzaqlara aparır... Fürsətdən istifadə edərək sizə demək istəyirəm ki, uşaqlar, çox sağ olun, etdiyiniz iş əladır!! Siz bir çoxlarını həvəsləndirirsiniz!

Gəzintiyə və gözəl gürcü xalqına qayıdaq. Bir neçə dayanacağımız oldu. Mağazalardan yemək almaq, bulaqlardan su götürmək üçün dayanırdıq. Sizlərə göstərmək üçün şəkil də çəkdirirdik :) Yerli camaatın suallarına da cavab verirdik: hardan gəlmişik, velosipedlər neçəyədir, təkərlər niyə belə nazikdir və s. Daha sonra yola davam edirdik... Gürcü xalqı xeyirxah və sadə xalqdır... Beləliklə, bizim cəmi 40 km yolumuz qalıb. İstəmirdik ki, səyahət bitsin... Sabah bu yolu geri qayıtmalı idik və bu bizə enerji verirdi.

"

Gedirik... Yoxuşlardan keçirik və qalxmağa davam edirik. Telavi çox maraqlı idi! Budur, son 8 km... Burada yenə də problem çıxır –Eminin Basso velosipedinin çəngəli qırılır... Qəribədir, niyə? Hamımız eyni marşrutla gəlmişik, lakin onun çəngəli dözmədi... Emin yolun ortasında yıxıldı, Allaha şükür ki, ciddi xəsarət almadı! Dayandıq və velosipedə baxdıq. Nə etmək olar? Bir çıxış yolu var –Emini yolüstü maşına qoymaq və Rcheuli Marani otelinə göndərmək. Eminin kefi korlandı… Bu onun bizimlə ilk uzaq yolu idi və təəssüf ki, belə başa çatdı… Maşın saxladıq və Emin getdi. Yola onsuz davam etdik. Telavi dağda yerləşir və 8-10 km qalxdıq. Yoxuşlar dik idi, lakin biz qalxa bilirdik (qürurluyuq ! :) ) Beləliklə, otelə çatdıq. Bu, öz terrası, üzüm bağı, balkonundan ecazkar mənzərəsi açılan çox rahat, gözəl oteldir. Qonaqpərvərlikdən isə danışmağa dəyməz ! Çox xoş administrator qız –Məryəm nömrələri göstərdi, endirim etdi, bütün suallarımıza cavab verdi. Otelə föstərdiyi xidmətə görə təşəkkür edirik!

"

Dostlar, heç nəyə baxmayaraq gəzinti əla keçdi! Gəldiyimiz kimi qayıtmaq istəsək də, Emini maşında tək qoymadıq :) Zaqatalaya qayıtdıq, əşyalarımızı yığdıq, velosipedlərimizi maşına yüklədik və çıxdıq. Geri dönəndə yol bizə daha da maraqlı gəldi! Təəssüratlarımızı bölüşürdük, yüngül yorğunluq məmnuniyyət hissi ilə qarışmışdı... Yürüşün iştirakçıları Azər Məmmədova, Vüqar Səfərova, Emin Hənifəyevə və Sizə, əziz oxucularımız, saytımızın hörmətli qonaqlarına təşəkkür edirik. Sizi uzaq yürüşlərə həvəsləndirmək istəyirik. Bütün bunlar mümkündür və sizi güclü edir! Uğurlar...