23Apr

Velo tur İsmayıllı - Zaqatala

23 aprel 2017 tarixindəki velo yürüşümüz haqqında söhbət açmaq və fotolar paylaşmaq istəyirik.

Velosipedçilər: Khalid Guliyev, Emil Ağayev, Səbuhi Səfərov, Sərxan Əliyev
Marşrut: İsmayıllı -Zaqatala
Məsafə: 205 км
Ümumi hündürlük: 1900m
Təmiz vaxt: 8:58:07

Yürüşdən bir gün qabaq Şamaxıya dostumuz Səbuhinin bağ evinə getdik. Bizi dadlı axşam yeməyi buğlama (qoyun əti və tərəvəz) gözləyirdi. Səbuhi yaxşı hazırlaşmışdı və bizi əla qarşıladı! Qonaqpərvərliyinə görə təşəkkür edirik! Yeməkdən sonra biz yola hazırlaşmağa, çantamızı yığmağa başladıq, ən zəruri əşyalarımızı götürdük. Yatmağa getdik, lakin hər kəs sabahkı yürüşü düşünürdü və yata bilmirdi. Yürüşdən qabaq belə vəziyyət bütün velomanlara məlumdur. Yenə də yuxuya gedə bildik.

5:30-da oyandıq. Qalxdıq, yaxşı səhər yeməyi yedik, velosipedləri yüklədik. Şamaxıdan İsmayıllıya qədər təxminən 55 km-dir.

İsmayıllıya çatdıq. Hava bizi sevindirirdi, 9:00-da etibarən artıq isti idi. Bakı ilə müqayisədə şəhər kənarı isti və küləksiz idi. Bir tərəfdən bu çox yaxşıdır, çünki biz “indi buradayıq”, digər tərəfdən Bakıda son günlər dayanmadan əsən küləyə görə velosiped sürmək olmur... Küləyin də öz müsbət cəhətləri var, əlbəttə ki. Gərginlik altında sürmək dözümlülüyü artırır və s. Lakin söhbət zövq alaraq velosiped sürməkdən gedir.

Biz həyəcanla yola çıxdıq, vaxtaşırı “qaz ver, qaz ver” qışqırıqları eşidilirdi. Bu səslərdən bizi gülmək tuturdu. Bu yolu birinci dəfə deyil ki, gedirəm, bilirəm ki, enerji sərf etmək olmaz, əks halda heç də gülməli olmayacaq ☺ Qəbələ yoxuşları başladı, sadəcə əla, mübarizə gedir və hər kəs mübarizə aparırdı. Bizi qəbələyə qədər yoxuş, daha sonra uzun sürən eniş gözləyirdi. Ən çox bilirsiniz nə bezdirir? Yoldan keçən və xəbərdarlıq etmək üçün deyil, salamlaşmaq və ya sadəcə zarafatlaşmaq üçün siqnal verən avto həvəskarlar. Necə qıcıqlandırırdılar... Sürücü yorulduqda onlar velosipedçinin müvazinətini itirməyinə səbəb olur... Başa düşmək çətin deyil ki, salamlamaq siqnal verməkdə deyil, hörmətdədir. Siqnal mədəniyyət göstəricisi deyil, hətta əksinədir... Qəmgin mövzuları kənara qoyaq.
Biz Qəbələyə qalxdıq. Pis getmirdik və kifayət qədər isti idi. Foto çəkdirdik, su içdik, gödəkçələrimizi geyindik, belə ki, enişdə soyuq ola bilərdi. Aşağı uçduq. Həyatda olduğu kimi yoxuşdan sonra eniş gəlir və ya enişdən sonra yoxuş. Yəqin ki, həyat balansı elə budur. Velo həyatda isə hər ikisi yaxşıdır.
Oğuz tərəfə döndük. Ecazkar məkan, düzənliklər, üfüqdə görünən başı qarlı dağlar, biz isə bu gözəlliyin içində pedal fırladırırıq. Yaxşı temp, yaxşı sürət, əla komanda! Sol tərəfimizdən 2-3 yaşlarında cavan it qaçırdı. O, sürətini artıraraq bizimlə yarışmaq istəyirdi. O bundan zövq alırdı. 45 km-ə qədər sürəti artıraraq ona çatdıq və paralel getməyə başladıq. O əsl “pozitiv” saçırdı. Qəribə hisslər keçirirdik, dördayaqlı dostumuzun bu hərəkəti hörmətə layiq idi ☺


Şəkiyə çatdıq. 
Həmişəki kimi Şəkinin yoxuşu uzanıb gedir. Bu, 2-3% meylli uzun yoxuşdur. Bütün marşrut boyu belə yoxuşlar az deyil. Mənim fikrimcə uzanıb gedən yoxuşlar daha çox yorur, nəinki dəyişkən yoxuşlar. Belə uzun yoxuşlarda ən yaxşısı uyğun ötürücünü seçmək və bir uyğun ritmlə qalxmaqdır. Bu marşrutda Şəkiyə qalxan yoxuş digərləri qədər uzun deyil. Beləliklə, biz yemək istəyirik, yolda yüngül yesək də çox acmışıq. Həyəti olan kafe tapdıq və girdik. Hamı bizə elə baxırdı ki, elə bil opera və balet teatrının səhnəsinə çıxmışıq. Bilmək istəyirdirlər “əcnəbiyik ya yox” və əlbəttə ki, anladılar ki, yerliyik. Bütün marşrut boyu “Helou-helou” eşidirdik, lakin “Salam-salam” deyə cavab verirdik. Bundan sonra isə gülüş səsləri gəlirdi, “doğrudanmı əcnəbi deyilik” deyə o yerlərin sakinləri düşünürdülər.

Yeməyimizi yedik və çıxmağa hazırıq. Bir an içində hava dəyişir, şiddətli külək, toz qalxır, hava tutulur... İşə düşdük... Əhvalımız bir az korlansa da, bu bizi dayandırmaz. Şəkidən çıxdıq və çıxışda keçən il sürəti 60 km/s çatdırdığımız uzun enişi keçdik. Amma bu dəfə bizi külək aparırdı və sürət artırmaq təhlükəli olardı. Düşündüm ki, “kaş külək bizim hərəkətimiz istiqamətində, ya da heç olmasa yandan olardı”. Amma yox... Külək hərəkətimizin əksi istiqamətində idi və hava soyumuşdu. Üşüdük və gödəkçələrimizi geyindik. Şəkidən Zaqatalaya 85 km və biz gözləmirdik ki, külək demək olar ki, bütün yolu bizi müşayiət edəcək. O, Zaqatalaya 25 km qalmış bizdən əl çəkdi. Küləyə öyrəşdik, amma külək və dağılmış yol, bu jest idi... Elə silkələyirdi ki, böyrəklərdəki bütün daşlar parçalandı. Üstəlik belə yol Şəkidən 50 km məsafədə başladı. Bütün enerjimiz silkələnməyə sərf olundu. Silkələnmək haqqında lirik haşiyəyə çıxım. Yeni “Brooks Cambium C13 Carbon” oturacağımı sınaqdan keçirdim. Oturacaq doğrudan da rahatdır, mənim beşinci nöqtəm özünü əla hiss edirdi. Bir az düzgün quraşdırmamışdım. Oturacağın burnu bir neçə dərəcə yuxarı qalxmışdı. Bu, uzun məsafəyə yürüş edəndə başa düşüləndir. Ümumilikdə isə super idi. Heç bir sürtülmə və ağrı yox idi. Adətən səhəri gün oturacağa oturursan və ağrı hiss edirsən. Bu dəfə belə olmadı ☺

Zaqatalaya çox az qalmışdı. Çox yorulmuşuq, bu hisləri təsvir etmək mümkün deyil. Elə bir an gəlir ki, velosipeddən düşüb onu tullamaq istəyirsən... Fikirləşirsən “mənə lazım idi...?”, özünlə mübarizə aparırsan və düşünürsən “bəlkə yolüstü bir maşınla gedim!?” sürməyə davam edirsən və yanındakıların səsini eşitmirsən, çünki hamı yorulub və heç kim danışmaq istəmir. Hamımız bizi otel, duş və yeməyin gözlədiyini düşünürük. Bu pedalı fırlatmağa məcbur edən yeganə motivasiyadır. Təyin edilmiş nöqtəyə 2-3 km qaldığını bilmək necə də gözəldir. Nəticədə Zaqatalaya çatdıq və mübarizə apararaq daha da möhkəmləndik! 

Dostlar velosiped sürün və həyatdan zövq alın!

Həyat velosiped sürmək kimidir. Müvazinəti saxlamaq üçün gərək hərəkət edəsən. (Albert Enşteyn)